Növbəti dərs ilində Türkiyə bu ölkədə ali təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün ali məktəblərdə 150 yer ayrılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilib. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Azərbaycanın təhsil naziri Misir Mərdanovla görüşü zamanı bu bəyanatla çıxış edib.
Qonaq həmçinin nazirə Türkiyə ali məktəblərinin təhsil imkanları barədə məlumat verib və Azərbaycanla münasibətlərin genişlənməsində maraqlı olduğlarını bəyan edib.
Azərbaycanın təhsil naziri Misir Mərdanov öz növbəsində qeyd edib ki, hazırda 4 mindən çox azərbaycanlı gənc Türkiyənin nüfuzlu universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil alır. Həmçinin, Azərbaycanın ali təhsil müəssisələrində həmin sayda türkiyəli tələbələr oxuyur. M.Mərdanov respublikada fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl liseylərinin və Qafqaz Universitetinin işini yüksək qiymətləndirib. Nazir ümumi təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinin vacibliyini bəyan edib. O qeyd edib ki, iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılması zəruridir.
Görüş zamanı tərəflər Görüşdə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və azərbaycanlı gənclərin Türkiyədə doktorantura səviyyəsinə qəbulu ilə bağlı bir sıra digər məsələləri müzakirə edib.