Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsi üzrə milli strategiyanın əsas istiqamətləri 2012-ci ilin iyun-iyul aylarında müəyyənləşdiriləcək. Bu barədə cümə axşamı jurnalistlərə İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev məlumat verib.
Cümə axşamı “Bərk məişət tullantılarının vahid idarəçiliyi milli layihəsi”nin ilkin qiymətləndiriməsinin təqdimatı keçirilib. Qiymətləndirmə çərçivəsində araşdırmaları İqtisadi İnkişaf Nazirliyinin işçi qrupu və Danimarkanın “COWI” şirkətinin nümayəndələri aparıblar. Məsləhətçi qismində Azərbaycanın “İqlim” şirkəti çıxış edib.
“Göstəricilər əsasında cari ilin iyun-iyul aylarında bərk məişət tullantılarının idarə edilməsi üzrə milli strategiyanın ilkin istiqamətləri müəyyənləşdiriləcək. Bundan sonra strategiyanın özü hazırlanacaq. Srategiyanın hazırlanmasında müvafiq dövlət orqanlarının və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınacaq”,- S.Babayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Hökuməti tullantıların yığılması, idarə və istifadə edilməsi, təkrar emalı məsələlərini komleks şəkildə nəzərdən keçirəcək. Regionlarda bərk məişət tullantılarının vahid idarəçiliyi üzrə proqramlar hazırlanacaq.
O həmçinin, qeyd edib ki, bərk məişət tullantılarının idarə edilməsi üzrə vəziyyəti qiymətləndirmək üçün 6 pilot rayon - Mingəçevir, Naftalan, Şəki, Xaçmaz, Sabirabad və Şamaxı seçilib. “Ölkənin sosial-iqtisadi inkişafında məişət tullantılarının idarə edilməsi əhəmiyyətli yer tutur. Adı çəkilən 6 rayonda biz araşdırmalar aparmışıq, bunun əsasında ilkin qiymətləndirmə üzrə sənəd hazırlanıb. Sənəd əsasında ilkin tövsiyələr hazırlanacaq”,- deyə o əlavə edib.
S.Babayev bildirib ki, strategiyanın əsas komponentlərindən biri tullantıların daşınması prosesinə özəl şirkətlərin cəlb edilməsidir. “Azərbaycanda bu işlə məşğul olan şirkətlər demək olar ki, yoxdur. Hökumət Balaxanı poliqonu yaxınlığında bərk tullantılar üzrə sənaye parkının yaradılması üzərində iş aparır. Belə parkın yaradılması özəl şirkətlərin təkrar emal prosesinə cəlb edilməsinə stimul verəcək”,- deyə şöbə müdiri vurğulayıb.
“COWI” şirkətinin eksperti Kersten Bernsten qeyd edib ki, sözügedən sektorun təkmilləşdirilməsi vacibdir, bundan sonra bu sektora investisiya cəlb etməyə nail olmaq olar. “Regionlarda qiymətləndirmə apararaq biz əvvəlcə bu sahədə çatışmazlıqları aşkarladıq, daha sonra isə tövsiyələr hazırladıq ”, - deyə o bildirib.
“İqlim” Tədqiqat və Məsləhət Şirkətinin nümayəndəsi Hökmən Mahmudov bildirib ki göstərilən 6 rayonda bərk məişət tullantılarının idarə edilməsi üzrə vəziyyət çox mürəkkəbdir. “Hətta Xaçmaz rayonunda biz insanların tullantı poliqonu ərazisində evlər tikdiyini gördük. Bu yolverilməzdir”, - deyə o bildirib.
Onun sözlərinə görə, tullantıların daşınması ilə məşğul olan orqanların təchizatında da vəziyyət mürəkkəbdir.
“Bu rayonların bəzilərində Nazirlər Kabinetinin tullantının hər kvadrat metrinin 0.14 manat təşkil etməsi barədə qərarından xəbərsizdirlər. Onlardan hər kvadrat metr üçün 1 manat yığılır. Bu orqanlar birbaşa yerli icra hakimiyyətlərinin stukturuna daxildir”, - deyə H.Mahmudov vurğulayıb.
O həmçinin bildirib ki, heç bir poliqonda gətirilən bərk tullantıların qeydiyyatı aparılmır.
“Poliqonlarda hansı təşkilatın nə qədər tullantı gətirməsinə nəzarət olunmur”,- deyə o əlavə edib.
Qiymətləndirmə Dünya Bankı ilə Azərbaycan Hökumətinin “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində aparılıb.