SOCAR şirkətinin (Azərbaycan Respublokası Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev çərşənbə günü “Günəşli” yatağında və Çilov adasında bir sıra dəniz obyektlərində olub. Bu barədə SOCAR-dan məlumat verilib.
“Şirkət rəhbəri “Günəşli” yatağındakı 4 saylı dərin dəniz özülündə olub və burada yeni inşa edilən Kompressor Stansiyasına baxış keçirib. Stansiya alçaq təzyiqli qaz üçün nəzərdə tutulur və hər birinin gündəlik məhsuldarlığı 2 mln. kubmetr olan iki qaz-turbin aqreqatdan ibarətdir”, - deyə məlumatda qeyd edilir.
R.Abdullayev qeyd edib ki, yeni Kompressor Stansiyasının istismara verilməsi ilə alçaq təzyiqli səmt qazlarının yığılaraq, ümumi sistemə ötürülməsi və atmosferə atılan qazların minimuma endirilməsi baxımından mühüm nailiyyətdir.
SOCAR rəhbəri 4-cü özüldə inşasına yeni başlanılmış qazlift kompressor stansiyasında tikinti işlərinin gedişi ilə də tanış olub.
R.Abdullayev həmçinin Çilov adasında Çilov adasında 4 saylı yataqxananın açılış mərasimində iştirak edib, Elmi-tədris istehsalat işləri sexinin yeni laboratoriya binasına baş çəkib.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir. Sahənin qalıq ehtiyatları 180 mln. ton neft və 65 mlrd. kubmetr qaz həcmində qiymətləndirilir.