Azərbaycan ilə Almaniya arasında münasibətlər lazımi səviyyədədir və geniş sahələri əhatə edir. Bu barədə Prezident İlham Əliyev cümə axşamı Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelleni qəbul edərkən söyləyib.
Rəsmi KİV-lərin məlumatına görə, dövlət başçısı Almaniyanın xarici işlər nazirinin Azərbaycana səfərinin iki ölkə arasında tərəfdaşlığın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
G.Vestervelle BMT Təhlükəsizlik Şurası çərçivəsində iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.