2012-ci ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye istehsalının həcmi 5 mlrd. 998,5 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 0,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Stastistika Komitəsindən məlumat verilib.
DSK-nın məlumatına görə, hesabat dövrü ərzində sənayenin qeyri-neft sektorunda məhsul istehsalının həcmi 17,2% artıb, neft-qaz sektorunda – 3% azalıb.
Hesabat dövründə sənaye istehsalının həcminin 78,2% sənayenin mədənçıxarma bölməsinin, 15,7% - emal sənayesinin, 5,6% - elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,5% - su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşüb.
Yanvar-fevral aylarında emal sahəsində sənayenin həcmi 24,1%, həmçinin qida sənayesində - 3,5%, toxuculuq sənayesində - 51,3%, neft məhsulları istehsalında - 5,3%, rezin və plastmas məmulatları istehsalında - 3,1 dəfə, tikinti materialları istehsalında – 15%, hazır metal məmulatları istehsalında - 47,4% artıb.
Yanvar-fevral aylarında kompüter və digər elektron avadanlıqları istehsalının həcmi - 29,3 dəfə, elektrik avadanlıqları istehsalı - 5,2 dəfə, maşın və avadanlıqların istehsalı - 2 dəfə, digər nəqliyyat vasitələri istehsalı - 14,6%, mebel istehsalı - 2,7 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri - 2,7 dəfə artıb.
Yanvar-fevral aylarında elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda istehsalın artımı 14,8% təşkil edib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda sənaye istehsalı yanvar ayında 10,1% təşkil edib.
Xəbər verildiyi kimi, 2011-ci ildə Azərbaycanda sənaye istehsalının azalması 5% təşkil edib.