Türkiyə hökuməti Azərbaycanlı İş Adamları Birliyini Türkiyədə qeydiyyata alıb. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin məlumatında qeyd edilir.
Birliyin baş ofisi İstanbul şəhərində yerləşir.
Birlik 2011-ci ilin aprelində təsis edilib. Birliyin təşəbbüs qrupuna daxildirlər: Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi, “Azərbaycan Hava Yolları” QSC, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ), “Palmali Group”, “Hazar Turizm”, “Farco Group” və 16 digər təşkilat və şirkət.
SOCAR-ın Türkiyədəki nümayəndəliyinin rəhbəri Seymur Ağayev Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri seçilib.
Təşkilatın yaradılmasında məqsəd Türkiyədə çalışan azərbaycanlı iş adamlarını bir qurumda birləşdirməklə biznesə dair məsələlərin daha effektiv həllində, birlik üzvlərinin tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində, yeni biznes əlaqələrinin qurulmasında, informasiya mübadiləsində onlara dəstək göstərilməsidir.