2011-ci ildə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumuna 21 təşkilat əlavə edilib. Bu barədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni cümə günü təşkilatın 2011-ci ildə fəaliyyəti barədə hesabatı təqdim edərək məlumat verib.
“Ötən il biz öz sıralarımıza 21 təşkilatı qəbul etdik, bunların 16-sı Bakıda və beş regionda fəaliyyət göstərir. Hazırda foruma 575 QHT daxildir”, - deyə R.Zeyni bildirib.
İlin yekunları haqqında danışaraq, forumun prezidenti qeyd edib ki, başçılıq etdiyi təşkilat Xocalıda baş verən faciəli hadisələri barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində və 20 il öncə törədilən cinayətin soyqırım kimi tanınmasında çox işlər görüb.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Qadınlar, qocalar, əlillər, uşaqlar vəhşicəsinə öldürülüb. İndiyədək görünməmiş qəddarlıq nəticəsində adları məlum olan 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.