2011-ci ilin yekunlarına görə, Cənubi Qafqaz ölkələrinin ÜDM-nin 80%-dən çoxunu Azərbaycan formalaşdırır. Bu barədə Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov bəyan edib.
“2011-ci ildə Azərbaycanın ÜDM-nin nominal həcmi $63,4 mlrd. təşkil edib. Ümumilikdə, Cənubi Qafqazın ÜDM-nin 80%-dən çoxu Azərbaycanın payına düşür”, - deyə O.Əsədov cümə günü parlamentdə hökumətin 2011-ci ildə fəaliyyəti barədə hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2011-ci ildə qeyri-neft ÜDM-nin 9,4% artması sevindirici faktdır.
O.Əsədov vurğulayıb ki, Azərbaycanda sənayeləşdirilmə siyasəti fəal reallaşdırılır, regionlarda yeni istehsalat və emal müəssisələri açılır. “Son 8 il ərzində regionlarda 2 mindən artıq istehsalat müəssisəsi yaradılıb”, - deyə spiker qeyd edib.
Onun sözlərinə görə, ötən il Azərbaycan iqtisadiyyatına investisiyaların həcmi $21,7 mlrd., həmçinin qeyri-neft sektoruna - - $15,7 mlrd. təşkil edib.
2011-ci ildə əhalinin gəlirləri təxminən 20% artaraq 36,6 mlrd. manat təşkil edib.