Azərbaycan Hökuməti 2011-ci ildə əhalinin qazla təchizatı üçün infrastrukturun yaxşılaşdırılmasına 300 mln. manatdan çox investisiya qoyub. Cümə günü parlamentdə 2011-ci ildə hökumətin fəaliyyətinə dair hesabatla çıxış edən baş nazir Artur Rasizadə belə bəyan edib.
“Aparılan işlər 120-dən çox yaşayış məntəqəsinə qaz verilməsinə imkan verib, qaz sistemində abonentlərin sayı 90 min artıb”,- deyə baş nazir bildirib.
Onun sözlərinə görə, 2011-ci ildə kimya sənayesi fəal inkişaf edib. Xüsusilə, ötən il kimya məhsulları istehsalının həcmi 20%, bu məhsulların ixracı isə 1,5 dəfə artıb.
A.Rasizadə qeyd edib ki, ötən il Sumqayıtda gübrə istehsalı üzrə gücü ildə 700 min ton olan zavodun tikintisinə başlanılıb. “Bu, daxili tələbatı ödəməyə, ixrac imkanlarını genişləndirməyə imkan verəcək”, - deyə o əlavə edib.
Baş nazir bildirib ki, regionlarda yeni istehsal və emal müəssisələrinin tikintisi fəal surətdə həyata keçirilir. “Təkcə Sahibkarlığa Kömək Milli Fondunun kreditləri hesabına
ötən il 33 müəssisə tikilib, 2012-ci ildə belə müəssisələrin sayı 2011-ci illə müqayisədə 3 dəfə artıb”, - deyə o vurğulayıb.
A.Rasizadə əlavə edib ki, 2011-ci ildə kənd təsərrüfatı sahəsində artım 5,8% təşkil edib və bu, respublikanın ərzaq təhlükəsizliyini təmin etməyə imkan verir.
O qeyd edib ki, ötən il İKT sahəsinin inkişafına qoyulan investisiyaların ümumi həcmi 415 mln. manat təşkil edib.