Naxçıvan Dövlət Xalça Muzeyində “Azərbaycan xalçaları: Naxçıvan qrupu” kitabının təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan xalqının mədəni irsinin qorunmasına, öyrənilməsinə və zənginləşdirilməsinə xüsusi diqqət ayrılıb”, - deyə Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov mərasimdə giriş sözündə bildirib.
O qeyd edib ki, Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması və onun üçün yeni binanın inşa edilməsi milli dəyərlərin qorunmasına və xalqın tarixi keçmişinə böyük qayğının təzahürüdür.
Ə.Həsənov bildirib ki, 2012-ci il Naxçıvan MR-də “Milli dəyərlər ili” elan edilib. “Azərbaycan xalçaları: Naxçıvan qrupu” kitabının nəşri Azərbaycan xalqının milli dəyərlər xəzinəsinə mühüm töhfədir və xalçaçılıq sənətinin inkişafında, bu sahədə elmi-tədqiqat işlərinin aparılması üçün vacib rol oynayacaq.
Mərasimdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun, AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin sözlərinə görə, bu kitab Azərbaycan tarixinin və Naxçıvanın zəngin və qədim mədəniyyətinin, o cümlədən Azərbaycan xalçaçılıq sənətinin öyrənilməsi üçün böyük əhəmiyyət daşıyır və Azərbaycan mədəniyyəti hesabına öz mədəniyyətlərini “yaratmaq” istəyən ermənilərə layiqli elmi cavabdır.
“Azərbaycan xalçaları: Naxçıvan qrupu” kitabında qədim Naxçıvanın keçdiyi zəngin tarixi yol, burada xalçaçılıq mədəniyyətinin yaranması barədə elmi araşdırmalara əsaslanan ətraflı məlumat verilib, Azərbaycan xalçaçılıq sənətində vacib yer tutan Naxçıvan Xalçaçılıq məktəbi, Naxçıvan xalçalarının toxunma texnikası və bədii xüsusiyyətləri təhlil edilib.