Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) 2012-ci ilin yanvar-fevral aylarında şübhəli və cari əməliyyatlara dair 37,660 min məlumat alıb. Bu barədə Xidmətin saytında məlumat verilir.
Azərbaycanda Maliyyə Monitorinqi Xidməti 2009-ci ildə yaradılıb və terrorizmin maliyyələşdirilməsi və “çirkli” pulların yuyulması ilə mübarizə sahəsində mərkəzi orqandır.
Məlumata əsasən, bilavasitə 2012-ci ilin fevral ayı ərzində xidmət 18,406 min məlumat alıb.
Xəbər verildiyi kimi, 2011-ci ildə MMX şübhəli və cari əməliyyatlara dair 236,961 min məlumat alıb.
MMX terrorizmin maliyyələşdirilməsi, cinayətkar yolla əldə olunmuş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasının qarşısının alınması ilə bağlı vəziyyəti öyrənir, bu sahədə təhlil aparır, həmçinin təklif və tövsiyələr hazırlayır. Bundan əlavə, xidmətin vəzifələrinə monitorinqə şamil edilən əməliyatların aşkar edilməsi üçün meyarların (xüsusi indikatorların) müəyyən olunması daxildir. Xidmət bu istiqamətdə qanun pozuntuları haqqında məlumatlar üçün statistik formanı müəyyən edir; aparılan təhlillər və monitorinqlər əsasında məlumatları Milli Təhlükəsizlik Nazirliyinə təqdim edir; mərkəzləşdirilmiş elektron-məlumat sistemini təşkil edir.