Azərbaycan banklarında əhalidən yığılan əmanətlər portfeli əsasən Bakı sakinlərinin hesabına formalaşır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına görə, 2012-ci ilin fevralın 1-nə respublika banklarında əhalinin əmanətlərinin ümumi həcmi 4 mlrd 179 mln. 465,4 min manat təşkil edir. Bunun 3 mlrd. 832 mln. 736,9 min manatı və ya 91,7%-i Bakı sakinlərinin əmanətləridir.
Bakıda əmanətlər əhalidən orta hesabla illik 9%-lə qəbul edilir. Respublika üzrə bu göstərici 8,9% təşkil edir.
Ümumilikdə, paytaxt sakinləri əmanətlərini xarici valyuta ilə yatırmağa üstünlük verirlər. Xarici valyuta ilə əmanətlərin payına 2 mlrd. 56 mln. 651,7 min manat və ya Bakı üzrə bütün əmanətlərin 53,7%-i düşür. Xarici valyuta ilə əmanətlərin payına 1 mlrd. 776 mln. 85,3 min manat və ya Bakı üzrə bütün əmanətlərin 46,3%-i düşür.
Paytaxtda banklar əhalidən xarici valyuta ilə əmanətləri illik orta hesabla 9,9%, milli valyuta ilə - 8,3% dərəcəsi ilə qəbul edir.
Regionlardan ən çox Abşeron iqtisadi rayonunun əhalisi pullarını banklarda saxlamağa üstünlük verir. 2012-ci il fevralın 1-nə Abşeron iqtisadi rayonunun banklarında əhalinin əmanətləri orta hesabla illik 9,5% dərəcəsi ilə 111 mln. 469,5 min manat təşkil edir.
Banklar Gəncə-Qazax iqtisadi rayonu sakinlərindən 64 mln. 163,1 min manat, (orta hesabla illik 7,5% dərəcəsi), Aran iqtisadi rayonu sakinlərindən - 55 mln. 723,2 min manat (illik - 5% dərəcəsi) əmanət cəlb edə biliblər.
Bakıda olduğu kimi, regionlarda da əhali əmanətlərini milli valyuta ilə yatırmağa üstünlük verir.
Qalan əmanətlər respublikanın digər iqtisadi rayonlarının əhalisinin payına düşür.