Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqı (UAQB) yerli ictimaiyyəti Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatlandırılmasında böyük rol oynayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində UAQB-nin baş katibi Ayaz Salmanov bildirib.
“Mövcud olduğumuz iki il ərzində biz UAGB-nin Ukraynanın 19 regionunda nümayəndəliklər yaratdıq. Əlbəttə ki, əsas məqsədlərimizdən biri Ukraynada yaşayan Azərbaycan gənclərinin nümayəndələrini birləşdirməkdir. Lakin, bizim üçün Ukrayna cəmiyyətinə inteqrasiya etmək çox vacibdir, çünki biz orada yaşayırıq. Həmçinin biz, Azərbaycan reallıqlarını Ukrayna ictimaiyyətinə çatdırmağa böyük diqqət ayırırıq. Çünki, bu gün demək olmaz ki, ukraynalılar Azərbaycan, ilk növbədə Dağlıq Qarabağ münaqişəsi, Xocalıda 20 il öncə törədilən hadisələr, ümumilikdə azərbaycanlıların mədəniyyəti və tarixi barədə kifayət qədər məlumatlara malikdirlər. Beləliklə, əsas məqsədlərimiz - azərbaycanlı gəncləri birləşdirmək, Ukrayna cəmiyyətinə inteqrasiya və mədəniyyətimizi, tariximizi təbliğ etmək, Azərbaycan haqqında doğru məlumatı Ukrayna cəmiyyətinə çatdırmaqdır. Bunun üçün biz çoxlu sayda müxtəlif konfranslar, təlimlər keçiririk, burada həm Azərbaycan gənclərinin, həm də Ukraynanın digər milli azlıqlarının nümayəndələri və əlbəttə ki, ukraynalılar özləri iştirak edirlər”, - deyə A.Salmanov bildirib.
Təşkilat 2010-cu il 24 aprel tarixində yaradılıb, həmin vaxtda Azərbaycan Gənclərinin birinci Forumu keçirilib. Öncə Koordinasiya Şurası yaradılıb, bura Ukraynanın 19 regionundan Azərbaycan gənclərinin təxminən 700 nümayəndəsi daxil idi. Hazırda ölkədə təxminən 500 min azərbaycanlı yaşayır, onlardan təxminən 40 min nəfər gənc nəslin nümayəndələridir.