Azərbaycan Prezidenti İlham Əliyev bazaar ertəsi Bakının mərkəzində təşkil edilən Novruz bayramı münasibətilə bayram tədbirlərində iştirak edib.
İ.Əliyev xanımı Mehriban Əliyeva ilə ümumxalq şənliklər zamanı Qız qalası qarşısında təşkil edilən tamaşaları seyr ediblər.
Bundan başqa, İ.Əliyev xanımı ilə Azərbaycanda yetişdirilən və istehsal olunan ərzaq məhsullarına, həmçinin gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa ediblər.
Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı isə İ.Əliyevə 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edilib. Dövlət başçısına məlumat verilib ki, bu il sentyabrın 22-də start götürəcək bu yarışa biletlər cari ilin aprelin 16-dan satışa çıxarılacaq.
İ.Əliyev və xanımı həmçinin 2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı aparılan dəstək kampaniyası çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinə müraciət formasını imzalayıblar.