Milli Məclisin spikeri Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan deputatlarından ibarət nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının 20 illiyinə həsr edilən yubiley tədbirlərində iştirak edəcək.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirovun “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata görə, Azərbaycan parlament üzvlərindən ibarət nümayəndə heyəti bu məqsədlə martın 26-da Alma-Atı şəhərinə səfərə yola düşəcək.
Nümayəndə heyətinin tərkibinə deputatlar Arif Rəhimzadə, Rüfət Quliyev, Hacı Salayev, Rauf Əliyev, həmçinin Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev daxildir. “Milli Məclisin spikeri MDB-nin digər ölkələrindən həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək. Görüşlər zamanı ikitərəfli münasibətlər, həmçinin MDB PA çərçivəsində əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcək”, - deyə A.Nəsirov bildirib.
Milli Məclisin nümayəndə heyətinin Qazaxıstana səfəri martın 28-nə qədər davam edəcək.