Martın 31-də Bakıda “Qədim Azərbaycanın mədəniyyətinin tarixi” mövzusunda respublika kulturoloji seminar keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə respublikanın Kulturoloqlar Cəmiyyətinin sədri Fuad Məmmədov məlumat verib.
Seminar çərçivəsində “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının fəallarının mükafatlandırılması keçiriləcək. “Antik Azərbaycan mədəniyyəti tarixi”, “Qobustan abidələrinin mədəni-tarixi interpretasiyası”, “Azərbaycan və insan sivilizasiyasının mənbələri” mövzularında məruzələr dinləniləcək. Bundan başqa, "Azərbaycan mədəniyyətinin tarixi: tarix və müasirlik” mövzusunda dəyirmi masa təşkil ediləcək.
Seminarda alimlər, müəllimlər, incəsənət xadimləri, həkimlər, rəsmi şəxslər, Milli Məclisin deputatları, iş adamları, “Simurq” AMA-nın üzvləri, Qeyri-hökümət təşkilatlarının, yaradıcılıq və həmkarlar ittifaqları, bələdiyyələr, beynəlxalq təşkilatlar və fondlar, səfirliklər, gənclər, qadın, dini təşkilatların nümayəndələri iştirak edəcəklər.