1976-cı ildə Ermənistanda tikilən Atom Elektrik Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və eyni zamanda yüksək seysmik zonada yerləşir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində çıxışında bəyan edib.
“Bütün bunlar Ermənistandakı Atom Elektrik Stansiyasını təhlükə mənbəyinə çevirir”, - deyə Azərbaycanın rəsmi mətbuatı İ.Əliyevin sözlərindən sitat gətirir.
Prezidentin sözlərinə görə, nüvə təhlükəsizliyi bu gün, Azərbaycan daxil olmaqla, bütün dünya üçün mühüm məsələdir. Azərbaycan nüvə təhlükəsizliyi ilə bağlı dünya ictimaiyyətinin qəbul etdiyi qərarlara hörmətlə yanaşır, onları hər zaman dəstəkləyib və yerinə yetirib.