Azərbaycanın hüquq-mühafizə orqanları Qaradağ rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşını rüşvət almaqda şübhəli kimi yaxalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə respublikanın Baş Prokurorluğundan məlumat verilib.
Paytaxtın qeyd edilən rayonunun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi Şahin Əsədov rüşvət alarkən yaxalanıb.
Ş.Əsədovun yaxalanması üzrə əməliyyat Bakı şəhər sakini Ruhiyə Qarifulinanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “Qaynar xətt”inə daxil olan müraciəti əsasında keçirilib. Onun sözlərinə görə, Ş.Əsədov ünvanlı dövlət sosial yardım ayrılması barədə müraciəti əsasında sonuncunun adına sosial yardımın təyini və ödənilməsi üçün ondan 450 manat pul istəyib. Ş.Əsədov xidməti otağında rüşvət alarkən cinayət başında yaxalanıb. Burada ünvanlı dövlət sosial yardımın alınması üçün nəzərdə tutulan ayrı-ayrı vətəndaşların adlarına olan 100-dən artıq plastik ödəniş kartları, 300-dən artıq plastik ödəniş kartlarına aid məxfi pinkodlar aşkar edilərək götürülüb.
Fakt üzrə Ş.Əsədov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.