Azərbaycan Ermənistanın regional əməkdaşlıqda maraqlı olmaması səbəbindən martın 26-dan 28-dək İrəvanda keçirilən “Şərq əməkdaşlığı” çərçivəsində beynəlxalq gənclər forumunda iştirakdan imtina edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
“Biz Ermənistan tərəfini dəfələrlə və əbəs yerə müxtəlif yarışlara və tədbirlərə dəvət etmişik. Məsələn, Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin gənclərinin işləri üzrə Şuranın iclaslarına. Bundan başqa Ermənistan Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsində iştirakdan imtina edib”, - deyə S.Məmmədova bildirib.
Onun sözlərinə görə, hər dəfə Ermənistan tərəfi guya burada erməni nümayəndə heyətinin təhlükəsizliyi lazımi səviyyədə təmin edilməyəcək uydurma bəhanə ilə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə gəlməkdən imtina edib. “Lakin, bunun əksi olaraq, Bakıda keçirilən güləş və boks üzrə dünya çempionatlarında bu ölkədən olan idmançıların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsini nümunə kimi sübut gətirmək olar. Bütün bu daima uydurulan bəhanələr Ermənistanın regional əməkdaşlıqda maraqlı olmadığını bildirir. Buna cavab olaraq, biz İrəvanda keçirilən forumda iştirakdan imtina etdik”, - deyə Gənclər və İdman Nazirliyinin nümayəndəsi bəyan edib.