2012-ci il martın 29-da “Buta” İncəsənət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırlanmış “Tar Arslan Növrəsli ilə” adlı növbəti maraqlı layihəsini tamaşaçılara Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində təqdim edəcəkdir. Layihənin rəsmi tərəfdaşı Azərbaycanın ən böyük banklarından biri, bu il öz fəaliyyətinin 5-illiyini qeyd edəcək olan “PAŞA Bank”dır.
Təqdimat mərasimində tar haqqında söhbət gedəcək, amma bu dəfə tarın yalnız bəstəkarların qəlbində həmişəki kimi orijinal əsərlər yaratmağa güclü həvəs oyadan ən nadir milli musiqi alətlərindən biri olması barədə deyil, çox cəsarətli bir eksperiment haqda söhbət olacaq. Bu eksperimentdə məqsəd - tar ilə dəbdə olan musiqi cərəyanlarını, keçmişin nəfəsi ilə müasir ritmləri əlaqələndirməkdir. Təsadüfi deyil ki, Şərqdə ilk operanın müəllifi, dahi Üzeyir Hacıbəyli tarı “ən qiymətli və əhəmiyyətli musiqi aləti” adlandırırdı. Bu sözlər tarın praktik olaraq tükənməz potensiala malik olduğunu söyləməyə əsas verir.
“Tar Arslan Növrəsli ilə” adlı layihədə bu milli musiqi alətində ifa edilən dünya şöhrətli əsərlər Bakı sakinlərinin və Azərbaycan paytaxtının qonaqlarının mühakiməsinə təqdim ediləcəkdir. Həmin əsərlərin çoxu, məsələn Nino Rotun əsərləri mövzusunda Süita, Deyv Brubekin “Blyu rondo a-lya türk” kompozisiyası və başqaları tarixdə ilk dəfə tarda ifa ediləcəkdir.
Bu axşam Dövlət Filarmoniyasının səhnəsində çoxsaylı müsabiqələrin laureatı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli (tar), Qara Qarayev adına Azərbaycan Kamera Orkestri, Azərbaycan Respublikasının Xalq Artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, Bülbül adına ixtisaslaşdırılmış musiqi məktəbinin direktoru Teymur Göyçayev çıxış edəcəklər.
“Buta” İncəsənət Mərkəzinin Baş Direktoru cənab Nəsib Piriyev demişdir: “Biz əminik ki, layihə Azərbaycanın bu milli musiqi alətinin gözəlliyini, həmçinin bizim musiqiçilərimizin peşəkarlığını bir daha nümayiş etdirəcəkdir. İnanırıq ki, peşəkar kollektiv olan Azərbaycan Kamera Orkestrinin, mahir dirijor Teymur Göyçayevin və istedadlı solist Arslan Növrəslinin müşayiəti ilə bu bənzərsiz alətdə ifa ediləcək zəngin musiqiyə tamaşa zalında əyləşən qonaqların heç biri laqeyd qalmayacaqdır”.
PASHA Bank PR və Marketinq şöbəsinin Direktoru Sona Abbasova: «Sosial məsuliyyətli bir təşkilat kimi mövqe tutan PASHA Bank öz fəaliyyət illəri ərzində cəmiyyətin inkişafına yönəlmiş bir sıra tədbirlər həyata keçirmiş və bu tədbirlərdə özü də birbaşa iştirak etmişdir. Sosial məsuliyyət proqramı çərçivəsində bizim əsas məqsədimiz həm yerli, həm də beynəlxalq səviyyədə qədim Azərbaycan xalqının mədəni irsini təbliğ etmək, həmçinin gənc nəslin hərtərəfli inkişafına investisiya qoymaq və onda vətənpərvər dünyagörüşünü və ənənələrə hörmət hisini tərbiyə etməkdir. Şadıq ki, bizə belə bir təqdirəlayiq layihəyə yardım etmək imkanı yaradılıb».
“Buta” İncəsənət Mərkəzi haqda:
2004-cü ildə Azərbaycan incəsənətini təbliğ edən mərkəz kimi yaradılmış “Buta” İM hazırda bütün dünyadan olan mədəniyyət nümayəndələri ilə əməkdaşlıq edir və incəsənət və mədəniyyət sahəsində böyük beynəlxalq tədbirlərdə iştirak edir. “Buta” İM-in Azərbaycan incəsənətini bütün dünyada məşhurlaşdırmaq istəyi və Mərkəzin bu istiqamətdə gördüyü işlər artıq öz bəhrəsini vermişdir – mərkəzin fəaliyyəti nəticəsində xaricdə hər il daha çox insan Azərbaycanın zəngin mədəniyyəti haqda öyrənir. 2010-cu ildə Mərkəz 5 illiyini Londonda Azərbaycan İncəsənətinin 100 günlük Festivalı ilə qeyd etmişdir.