Son zamanlar Azərbaycan tərəfinin İranın bir neçə casusluqla məşğul olan şəbəkəsini aşkar etməsi, Bakı və Tehran arasında münasibətlərə zərər vurmamalıdır. Bu barədə Milli Məclisin “Azərbaycan-İran” parlamentlərarası işçi qrupunun üzvü, hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı bəyan edib.
“Azərbaycanın milli təhlükəsizliyinin təminatına yönələn hərəkətləri İrana və ya hansısa bir digər ölkələrə qarşı yönəldilməyib”, - deyə M.Qurbanlı “İnterfaks-Azərbaycan” agentliyinə respublikanın milli təhlükəsizlik naziri Eldar Mahmudovun bir il ərzində Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən İranın xeyrinə təxribatçılıq fəaliyyəti ilə məşğul olan iki casus şəbəkənin ifşa edilməsi barədə məlumatı şərh edərək bəyan edib.
“Azərbaycan tərəfinin hərəkətləri ölkənin milli təhlükəsizliyinin təminatına yönəldilib və ədalətlidir. Cinayətkar qrupların fəaliyyətinin ifşası Azərbaycanın bu və ya digər ölkə ilə münasibətlərinin səviyyəsindən asılı deyil. Bunu İranda da anlamalıdırlar. Bununla yanaşı, hesab edirəm ki, bunu İranın özündə siyasətin mahiyyətini real başa düşən şəxslər yaxşı anlayırlar”, - deyə parlament üzvü bəyan edib.
M.Qurbanlının sözlərinə görə, Azərbaycan milli təhlükəsizliyini müdafiə etməyə davam edəcək.
Xəbər verildiyi kimi, milli təhlükəsizlik naziri E.Mahmudov Azərbaycan kəşfiyyatının yaradılmasının 93-cü illiyi münasibəti ilə çərşənbə günü “Azərbaycan” qəzetində dərc edilən “Milli təhlükəsizliyin keşiyində” məqaləsində bildirir ki, MTN tərəfindən həyata keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilən 24 nəfərdən ibarət iki qruplaşma ifşa edilib.