Milli Təhlükəsizlik Nazirliyinin yaranmasının 93 illiyi ilə əlaqədar Şəmkir, Samux və Goranboy rayonlarında tədbirlər keçirilib. Bu barədə çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
“Ölkənin hərtərəfli inkişafında və sabitliyin qorunmasında nazirliyin xüsusi xidmətləri var. Nazirliyin Şəmkir rayon şöbəsinin əməkdaşları da rayonda ictimai asayişi qorumaq üçün bütün güclərini səfərbər edib”, – deyə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov bildirib.
“Yaxın vaxtlarda Samuxda MTN-nin rayon şöbəsi üçün yeni bina tikiləcək”, - deyə rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev söyləyib.
“Azərbaycanın təhlükəsizliyində MTN xüsusi rol oynayır və bu, ölkəmizi xarici və daxili təxribatlardan qoruyur”, – deyə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vurğulayıb.
Tədbirlərdə MTN əməkdaşlarına fəxri fərman və mükafatlar təqdim edilib.