Aprel ayının 27-28-də Bakıda İslam Dünyası ölkələrinin gənc ifaçılarının Birinci Beynəlxalq klassik musiqi festival - müsabiqəsi keçiriləcək. Bu barədə festivalın təşkilat komitəsinin saytında məlumat verilir.
Festival gənc istedadların üzə çıxarılması, beynəlxalq təcrübə və ideya mübadiləsi, yeni yaradıcılıq yollarının tanınması, Azərbaycan mədəniyyəti və incəsənəti ilə tanış olmaq üçün xarici ölkələrin gənclərinə və yeniyetmələrinə daha geniş imkanlar vermək, eləcə də Şərq və Qərbin mədəniyyət dialoqunda gənc istedadların musiqi sənətinin estetik səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.
Tədbirin təsisçisi və təşkilatçısı “Kainat” Gənclik Mərkəzidir.Festival Gənclər və İdman, Mədəniyyət və Turizm, Azərbaycan Xarici İşlər nazirliklərinin, ISESCO və
Ü.Hacıbəyuov adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə M.Maqomayev adına DövlətFilarmoniyasının kamera və orqan musiqisi zalında keçiriləcək.
Müsabiqədə 20 yaşa qədər olan gənc və yeniyetmə instrumental musiqiçilər üç yaş qrupunda iştirak edə bilər.
Proqrama dünya və Azərbaycan klassiklərinin əsərləri daxil edilib.
Mükafatlar 3 nominasiya: fortepiano, simli alətlər (solo) və nəfəsli alətlər (solo) üzrə olacaq.
Mükafatların verilməsi haqqında qərar qəbul etmək üçün dəvət olunan münsiflər heyəti, Azərbaycanın və festivalda iştirak edən ölkələrin görkəmli mədəniyyət xadimlərindən ibarət olacaq.