SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Elm Fondu” 2012-ci il üçün elmi-tədqiqat layihələri üzrə müsabiqə elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliynə Milli Elmlər Akademiyasından məlumat verilib.
Müsabiqəyə aşağıdakı istiqamətlər üzrə layihələr qəbul edilir:
1. Neftqazçıxarmada riyazi modelləşdirmə, diaqnostika, nəzarət və idarəetmə sistemləri dünya standartlarına cavab verən mühərrik yanacaqlarının və yağlarının alınması üçün mütərəqqi texnologiyaların yaradılması, neft emalının dərinləşməsi;
2. Ənənəvi və qeyri-ənənəvi karbohidrogen yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsinin yeni texnologiyalarının və Azərbaycanın neft-qaz kompleksinin ehtiyat bazasının inkişaf proqnozu.
3. Quruda və dənizdə neft-qaz əməliyyatlarının keçirilməsi zamanı ətraf mühitin qorunması.
Müsabiqələr eyni zamanda üç istiqamətdə aparılır - sona çatdırılan ən yaxşı elmi-tədqiqat işləri müəlliflərinin “həvəsləndirici mükafatla” qiymətləndirilməsi; planlaşdırılan ən yaxşı elmi-tədqiqat layihələrinin yerinə yetirilməsi üçün maliyyələşdirilmə; xüsusi layihələrdən ən yaxşısının yerinə yetirilməsi üçün maliyyələşdirilmə.
Müsabiqədə birinci yer üçün 10 min manat məbləğində olan bir mükafat, hər biri 5 min manat məbləğində olan iki mükafat, hər biri 3 min manat məbləğində olan üç mükafat.
Müsabiqədə iştirak etmək üçün ərizələr cari ilin aprelin 2-dən mayın 31-nə qədər qəbul edilir. Nəticələr 2012-ci il sentyabrın 20-də - Neftçilər Günü açıqlanacaq.