“Təmiz Şəhər” ASC Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “International Dialogue for Environmental Action” (IDEA) kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdə fəla iştirak edir. Bu barədə cəmiyyətdən məlumat verilib.
Kampaniya ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində məlumatlandırılmasını nəzərdə tutur.
“Təmiz Şəhər” ASC mart ayının ortalarından başlayan “Bakı Debat Forumu / Yaşıl Düşüncə Kuboku-2012” təlimlərini təşkil edib. Burada ölkənin 15 ali təhsil müəssisəsindən 1 350 gənc iştirak edib.
Məişət tullantılarının düzgün idarə olunmasının ətraf mühitin mühafizəsi sahəsində əhəmiyyətini gənclərə çatdırmaq məqsədilə keçirilən təlimlər zamanı iştirakçılara bərk məişət tullantılarının zərərsizləşdirilməsi, yandırılması, çeşidlənməsi haqqında məlumat verilib. Layihənin ilkin mərhələsi olan təlimlər başa çatdıqdan sonra tullantıların idarə olunması sahəsində universitetlər daxili və universitetlər arası debat turnirlər keçiriləcək.
Bundan başqa, martın 22-25-də Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində “Yaşıl Enerji Düşərgəsi” təşkil edilib. Düşərgənin əsas məqsədi gənc ekoloqların alternativ enerji resursları, alternativ enerji mexanizmləri və onların iş prinsipləri haqqında məlumatdırmaq olub.
“Təmiz Şəhər” ASC gənclər arasında “yaşıl düşüncə” tərzinin təşviqatı məqsədilə bu cür tədbirlərin keçirilməsini davam etdirəcək.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin martında “Təmiz şəhər” ASC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.