Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 49,5 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2012-ci ilin əvvəlindən fondun vəsaitləri hesabına 502 investisiya layihəsi maliyyələşdirilib.
"Bu layihələrin maliyyələşdirilməsi hesabına 2183 yeni iş yerinin yaradılması nəzərdə tutulub”, - deyə məlumatda SKMF-in icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
Onun sözlərinə görə, ilin əvvəlindən respublikanın regionları üzrə 455 investisiya layihəsinin maliyyələşdirilməsinə 44 mln. manat və Bakı qəsəbələri üzrə 47 investisiya layihəsinin maliyyələşdirilməsinə 5,5 mln. manat güzəştli kreditlər verilib.
2011 və 2012-ci ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 258 investisiya layihəsinin maliyyələşdirilməsinə 40,4 mln. manat güzəştli kredit verilib.
Məlumata görə, cümə günü SKMF Suraxanı rayonunun Bülbülə qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbirdə Bakı ətrafı qəsəbələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
“Bakı qəsəbələrində fəaliyyət göstərən 17 sahibkarlıq subyektinə 257 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 45 yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatları vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat məbləğində güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.