Fövqəladə Vəziyyətlər üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov ölkənin sürüşmədən zərər çəkən regionlarına səfər edir.
“ANS” televiziya şirkətinin regional müxbirinin məlumatına görə, A.Şərifov cümə günü sürüşmədən digərlərindən çox zərər çəkən Şamaxı rayonunun Muğanlı kənd sakinləri ilə görüşüb. Görüşdə baş nazirin müavini məlumat verib ki, zərər çəkənlər həmin rayonun ərazisində yeni evlərlə təmin ediləcəklər.
Bundan başqa, A.Şərifovun rəhbərlik etdiyi hökumət nümayəndə heyəti Ağsu aşırımında əraziyə baxış keçirib. Sürüşmədən sonra burada bir neçə gün təmir işləri aparılıb, aşırımdan keçən yolda avtomobillərin hərəkəti bərpa edilib.
Baş nazirin müavini A.Şərifovun rəhbərliyi altında regiona səfərin nəticələrinə görə müşavirə keçiriləcək, burada sürüşmədən zərər çəkənlər üçün evlərin dəqiq tikinti yeri barədə son qərar qəbul ediləcək.