A.Qriboyedov adına Tiflis Dövlət Akademik Rus Dram Teatrı aprelin 30-da Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “Getto” musiqili dramını göstərəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Dram İsrailin klassiki, müasir dramaturq Coşua Sobolun pyesi əsasında qoyulub. Tamaşa üçün musiqini Tiflisdə anadan olan İsrailin məşhur bəstəkarı İosif Bardanaşvili yazıb, rəssam – Gürcüstanın əməkdar rəssamı, Dövlət mükafatı laureatı Mirian Şvelidze, xoreoqraf – Qiya Marqaniya, prodüsser – Rusiyanın əməkdar incəsənət xadimi Nikolay Sventitskidir.
Pyesin əsasını Vilnüsdə Xolokost zamanı İkinci Dünya müharibəsi dövründə peşəkar teatr təsis edən gettodan olan insanlar, aktyorlar, rəssamlar barədə hadisə təşkil edir. Pyes 1942-1943-cü illərdə nasisi işğalı zamanı Vilnüsün yəhudi gettosunda baş verən real hasisələrə əsaslanır. Alman Kittelin və yəhudi müğənnisi Xainin qarşılıqlı münasibətlərinin tarixi süjet xəttini təşkil edir.
“Getto” pyesi ilk dəfə 1983-cü ildə Hayfada, altı il sonar ingilis dilinə tərcümə edilərək Nyu-York və Londonda səhnəyə qoyulub.
“Getto” tamaşası “Odessada görüşlər” (Ukrayna) və “Baltika Evi” (Rusiya) Beynəlxalq teatr festivallarında, həmçinin Misirdə keçirilən eksperimental tamaşalar festivalında iştirak edib.
Qastrolları Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva regional şöbəsi təşkil edib.