Bazar ertəsi Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyası Bakıda öz işinə başlayır.
Milli Məclisdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 3 gün davam edəcək sessiyaya Aİ ölkələrindən 200-dən çox deputatın və “Şərq tərəfdaşlığı” proqramının iştirakçılarının qatılacağı gözlənilir. Tədbir çərçivəsində İqtisadi İnteqrasiya, Enerji Təhlükəsizliyi, Siyasi və Sosial Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə komitələrin iclasları olacaq. Həmçinin, sessiya çərçivəsində Avropa Parlamenti Katibliyinin, daha sonra isə Assambleyanın katibliklərinin iclası keçiriləcək
Bundan başqa, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna həsr olunmuş bir sıra tədbirlər keçiriləcək.
Sessiyanın gedişində Avronest PA-nın həmsədri Kristian Vigenin və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobianın iştirakı ilə brifinq təşkil olunacaq. Həmçinin, "Şərq tərəfdaşlığı" ölkələrinin nümayəndə heyətlərinin də brifinqi nəzərdə tutulub.
Avronest PA-nın həmsədrləri Kristian Vigenin və Boris Tarasyukun rəhbərliyi ilə Büro üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri planlaşdırılır.
Avronest Parlament Assambleyasının sessiyası ildə bir dəfə keçirilir. İlk dəfə sessiya 2011-ci ildə Brüsseldə keçirilib.