Dövlət Sosial Müdafiə Fondu Azərbaycanın sığorta-pensiya sistemində sonrakı islahatların istiqamətləri mövzusunda interaktiv sorğu keçirib. Bu barədə fondun məlumatında qeyd edilir.
Sorğunun nəticələri göstərib ki, rəyi soruşulanların 49,4%-i işəgötürənlərin sosial sığorta ödənişlərinin həyata keçirilməsinə marağının artırılmasına ehtiyac olduğunu bildirib.
Bundan başqa, respondentlərin 35,3%-i kadrların peşəkarlıq səviyyəsi yüksəldilməsinə, 15,3% - sistemdə qabaqcıl informasiya kommunikasiya texnologiyalarının nailiyyətlərinin daha da fəal tətbiqinə zərurət olduğunu hesab edir.
Məlumatda qeyd edilir ki, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın əsas prioritetlərindən biri sosial sığorta ödənişləri mexanizminin təkmilləşdirilməsi, işçilərin bu prosesə daha fəal cəlb edilməsi, əmək haqlarının leqallaşdırılması üzrə tədbirlərin keçirilməsi, işəgötürənlər və işçilər arasında əmək müqaviləsinin bağlanılmasının təmin etməkdir.