Şamaxı rayonunda sürüşmədən zərər çəkən Muğanlı kənd sakinlərinin sonrakı köçürülməsi üçün geoloji işlər aparılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrometeorolojı və Ekoloji Tədqiqat Elm Mərkəzinin ekspedisiyasının rəhbəri Bəxtiyar Qaralov məlumat verib.
“Ekspertlər tərəfindən sürüşmənin nəticələrinin aradan qaldırması üzrə bir sıra təkliflər irəli sürülüb. Hazırda nəticələrinin təxminən bir ay sonra məlum olacaq ilkin geoloji tədqiqatlar aparılır”, - deyə B.Qaralov bildirib.
Onun sözlərinə görə, Şamaxı rayonu Muğanlı kəndinin sürüşmələrdən ən çox zərər çəkən 46 evin sakinlərinin köçürüləcək yeni ərazinin öyrənilməsi üzrə tədqiqat işləri aparılır. “Vəziyyət hələ ki, təhlükəlidir, amma biz onu dəqiq nəzarət altında saxlayırıq”, - deyə ekspert qeyd edib.
“Tədqiqatlar başa çatana yaxın, smeta qəbul ediləcək və layihənin reallaşdırılmasına başlanacaq”, - deyə o məlumat verib.
Ötən həftə Şamaxı və Ağsu rayonları ərazisində baş verən sürüşmələr Muğanlı kəndində bir neçə evin qəzalı vəziyyətə düşməsinə səbəb olub. Bundan başqa, müəyyən vaxt müddətinə Şamaxı-Ağsu yolunda Ağsu aşırımı bağlandı.
Baş nazirin müavini Abid Şərifov və FHN-ın başçısı Kəmaləddin Heydərov hadisə yerinə baş çəkiblər.