Azərbaycan və Ermənistanın Avronest Parlament Assambleyasındakı (PA) nümayəndə heyətləri bu təşkilatın bazar ertəsi Bakıda başlamış ikinci sessiyasının məhsuldar işinə mane ola bilən bəyanatlar verməmək barədə razılığa gəliblər.
“Biz Azərbaycan tərəfi ilə belə bir centlmen razılaşması əldə etmişik ki, Avronestin işinə ziyan vuracaq məsələlər komitə tərəfindən müzakirə olunan sənədlərə daxil edilməyəcək”, - deyə Ermənistanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Vaan Ovanesyan bəyan edib.
O həmçinin sessiyanın işinə mənfi təsir göstərəcək bəyanatlar səsləndirməməyə çağırıb.
Azərbaycanlı jurnalistlərlə söhbət zamanı V.Ovanesyan qeyd edib ki, “Şərq tərəfdaşlığı” Aİ ilə ünsiyyət və əməkdaşlıq formatıdır. "Hazırda Avronest münaqişələrin nə həlli, nə də müzakirəsi üçün meydança deyil. Buna görə də biz belə qərara gəlmişik ki, Avronest Şərq tərəfdaşlarının maraqlarının toqquşduğu yerə çevrilməsin və avropalı tərəfdaşlarımız bununla razılaşıblar”, - deyə o bildirib.