Bu ilin 2 aprel tarixində Beynəlxalq Sığorta Şirkəti öz 10 illiyini qeyd edir. Şirkət 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş və hazırda ölkənin aparıcı sığorta şirkətlərindən biridir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə «GfK Türkiye» şirkəti tərəfindən aparılan marketinq araşdırmasının nəticələrinə görə isə ölkənin ən tanınan sığorta şirkəti adlandırılmışdır.
2011-ci ilin nəticələrinə görə şirkət 5,7 mln. AZN məbləğinə yaxın sığorta ödənişini həyata keçirərək və 12,4 mln. AZN sığorta haqqı yığıraq, Azərbaycanın sığorta bazarının özəl sektorunda ümumi sığorta ödənişləri üzrə 3-cü yerə, sığorta yığımları üzrə isə 5-ci yerə nail olmuşdur.
Fəaliyyət dövrü ərzində Beynəlxalq Sığorta Şirkəti bir sıra mükafatlara layiq görülmüşdür. Onların sırasında “Azərbaycanın sığorta bazarında yeniliklərin tətbiq edilməsi” üçün “Uğur” milli mükafatı, “İlin Sığorta Şirkəti” nominasiyasında “Azeri Business Award” mükafatı, Rusiyanın sığorta bazarının sığorta şirkətləri ilə sıx əməkdaşlığına görə Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyi və Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən təsis edilmiş “Proqress” mükafatı və bir çox digər mükafatlar vardır.
2009-cu ildə Beynəlxalq Sığorta Şirkəti Moody's Investors Service beynəlxalq reytinq agentliyindən “B2” səviyyəsində “sabit” reytinq proqnozu ilə maliyyə sabitliyi reytinqi almışdır. Bu şirkətin tarixində növbəti mühüm nailiyyətlərdən biri olmuşdur.
2011-ci ildə Beynəlxalq Sığorta Şirkəti təkrarsığortaçıların Baden-Baden şəhərində hər il keçirilən illik beynəlxalq konfransının strateji tərəfdaşı və Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunun baş sponsoru olmuşdur.
Yubiley haqqında söz açaraq, Beynəlxalq Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Cəmil Sultanov bildirmişdir: “Fəaliyyət dövrü ərzində biz bir sıra uğurlara imza atmışıq. Lakin, sığorta sahəsində məhsul duyulmaz xarakterli olduğu üçün, insanların etimadı ən vacib uğur hesab edilir. Hazırda tərəfimizdən 980-dən çox daşınmaz əmlak, 6500-dən çox nəqliyyat vasitəsi və 8000-dən çox şirkət, müəssisə, səfirlik və dövlət strukturlarının əməkdaşları sığortalanmışdır. Ən əsas nailiyyətimiz 10 illik fəaliyyət ərzində qazandığımız adımızdır! Bununla əlaqədar, ilk növbədə, Azərbaycan Beynəlxalq Bankına və əlbətdə ki, müştərilərimizə minnətdarlığımı bildirmək istəyirəm, çünki bizim uğurlarımızda onların rolu əvəzedilməzdir”.