“Bank ABB-Moskva” MMC-nin İdarə Heyətinin sədri Fuad Abdullayev Moskva hökumətinin kredit təşkilatları ilə koordinasiya məsələləri üzrə İctimai Məşvərət Şurasına üzv qəbul olunub. Bu barədə bankdan məlumat verilib.
Bu qərar Moskva hökumətinin kredit təşkilatları ilə koordinasiya məsələləri üzrə İctimai Məşvərət Şurasının növbəti iclasında qəbul edilib.
Şura üzvlərinin tərkibinə həmçinin “VTB”, “Promsvyazbank”, “Qazprombank”, “Rosselxozbank”, “Rayfayzenbank” QSC və digər aparıcı Rusiya və xarici bankların rəhbərləri qəbul edilib.
2011-ci ilin dekabrında Moskva hökümətinin sərəncamı ilə yaradılan Şuranın əsas məqsədi Moskva şəhər İcra Hakimiyyətinin orqanları ilə kredit təşkilatları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir.
Şura təkliflərin hazırlanmasını və Moskvanın dövlət proqramlarının və ictimai cəhətdən əhəmiyyətli layihələrin hazırlanması və reallaşdırılmasına kredit təşkilatlarının cəlb edilməsini həyata keçirir. Bundan başqa, Şuranın vəzifələrinə ekspert-analitik fəaliyyət və şəhərin dövlət proqramlarının reallaşdırılmasında kredit təşkilatlarının iştirakının nəticələrinin təhlili daxildir.
“Bank ABB-Moskva” 2002-ci ildə “Azərbaycan Beynəlxalq Bankı”nın 100%-lik törəmə strukturu kimi yaradılıb.
Hazırda bank şəbəkəsinin Moskva, Sankt-Peterburq və Yekaterinburqda 14 satış ofisi var.