2012-ci ilin I rübündə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dünya bazarlarına 294,117 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 18,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
SOCAR-ın əsas ixrac məhsulları bunlar olub: avtomobil benzini – 19,174 min ton, dizel yanacağı – 244,171 min ton, təyyarə yanacağı – 30,772 min ton.
Cari ilin mart ayında SOCAR dünya bazarlarına 93,712 min ton neft məhsulu, o cümlədən 5,922 min ton avtomobil benzini, 80,028 min ton dizel yanacağı və 7,762 min ton təyyarə yanacağı ixrac edib.
Azərbaycanda iki neft emalı zavodu – “Azərneftyağ” və Heydər Əliyev adına Bakı Neft emalı zavodu (BNZ) fəaliyyət göstərir. Onların ümumi neft emalı gücü ildə 22 mln. ton təşkil edir. Hər iki müəssisə SOCAR-ın strukturuna daxildir.