Avropa İttifaqı ATƏT-in Minsk qrupunda Fransanı əvəz etmək niyyətində deyil. Bu barədə Aİ-nin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle çərşənbə axşamı brifinqdə bəyan edib.
“Aİ ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Bu, ittifaqın son bəyanatlarında da əksini tapıb. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Aİ ilə əvəz edilməsindən söhbət gedə bilməz”, - deyə o bildirib.
Xəbər verildiyi kimi, Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyası ATƏT-in Minsk qrupunda Fransanın Aİ ilə əvəz edilməsinə dair təklif irəli sürüb.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.