Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və Ermənistan arasında etibar tədbirlərinin gücləndirilməsini nəzərdə tutur və Avropa İttifaqı bunda onlara kömək etməyə hazırdır. Bu barədə Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fyule bəyan edib.
“Burada yeni etibar tədbirləri lazımdır, bizim bu cür layihələrin reallaşdırılmasında müsbət təcrübəmiz var”, - deyə Ş. Fyule Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Brüssel hazırda bu istiqamətdə təşəbbüslər hazırlayır, daha sonra onlar münaqişə tərəflərinə təqdim ediləcək.
Bundan başqa, o qeyd edib ki, hazırda Brüssel və Bakı arasında əməkdaşlığı yeni səviyyəyə çıxarmağa imkan verəcək müasirləşdirməyə aid yeni sənədin hazırlanması üzərində iş aparılır.
“Azərbaycan dünyəvi və tolerant cəmiyyətin modelidir. Mən bu gün Bakıda keçirilən Avronestin iclasında bu barədə bəyan etdim”, - deyə Ş.Fyule bildirib.
Onun sözlərinə görə, Bakıda mayda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi dünyanın Azərbaycana diqqətini artıracaq, “yalnız mədəniyyətin mənasında deyil”.
Ş. Fyule bəyan edib ki, Aİ həmçinin Azərbaycanı tərəfdaş və BMT Təhlükəsizlik Şurasının çox vacib qeyri-daimi üzvü kimi qəbul edir.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov öz növbəsində qeyd edib ki, Ş.Fyule ilə görüşdə artıq bu gün yaxşı səviyyədə olan Azərbaycan-Aİ əlaqələrinin möhkəmlənməsi yolları, həmçinin insan hüquqları və təhlükəsizlik məsələləri müzakirə edilib. “Biz həmçinin, danışıqlar prosesini (Dağlıq Qarabağ münaqişəsi üzrə - İF-Az) yerindən tərpətmək üçün Aİ-nin Azərbaycan və Ermənistana hansı yardım göstərə biləcəyini müzakirə etdik”, - deyə o bildirib.