SOCAR şirkətinin “Azərikimya” İstehsalat Birliyi 2012-ci ildə kimya sənayesinin inkişaf etdirilməsi üçün Azərbaycan Beynəlxalq Bankından (ABB) $40 mln məbləğində kredit cəlb etməyi planlaşdırır.Bu barədə İB-in rəhbəri Muxtar Babayev çərşənbə axşamı jurnalistlərə bildirib.
“2010-cu ildə biz ABB-dən $40 mln məbləğində vəsait almışıq. Vəsaitlər kimya müəssisələrindəki qurğuların təmirinə yönəldilib.Keçən iki il ərzində biz başqa vəsaitlər cəlb etməmişik və hazır məhsulların satışından əldə edilən bütün vəsaitlər müəssisənin inkişafına yönəldilib”,- deyə M.Babayev “İnterfaks - Azərbaycan”agentliyinin müxbirinin sualına cavab verərkən bildirib.
O qeyd edib ki, ”Azərikimya” ABB ilə əməkdaşlıqdan razıdır və cari ildə bankdan $40 mln.-a qədər daha bir kredit almağı planlaşdırır.
M.Babayevin sözlərinə görə 2011-ci ildə İB kimya müəssisələrində qənaət proqramını reallaşdırmağa başlayıb, bunun nəticəsində keçən il İB enerji daşıyıcılarında 1,8 mln manata qənaət edə bilib.”Bu proqram cari ildə də davam etdiriləcək”,- deyə o əlavə edib.
Birlik rəhbəri bildirib ki, 2012-ci ilin sonuna “Azərikimya” azot – oiksigen qurğusunun fəaliyyətini dayandırmağı planlaşdırır.Bunun əvəzində yeni qurğu quraşdırılacaq ki, bu da birliyə hər ay 200 min manat qənaət etməyə imkan verəcək.