Yeni dərs ilinədək Göygöl rayonunda bir neçə məktəb əsaslı təmirdən sonra istismara veriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Yeni dərs ilində Quşqara kəndində 360, Zuranabad kəndində 220, Qızılca kəndində 160, Firuzabad kəndində 80 yerlik orta məktəb təmirdən sonra açılacaq”, - deyə Göygöl rayon təhsil şöbəsinin müdiri Elbrus Atayev "İnterfaks-Azərbaycan" agentliyinin regional bürosuna bildirib.
Onun sözlərinə görə, son 10 il ərzində rayonda 20-dən çox məktəb binası təmir edilib, daha 10 məktəbin isə təmirə ehtiyacı var.
“Bundan başqa, Mollacəlilli kəndində texniki peşə liseyinin və Üçtəpə kəndində məktəbin inşası planlaşdırılır”, - deyə şöbə müdiri qeyd edib.
Göygöl rayonunda 50 məktəb fəaliyyət göstərir.