Azərbaycan Transxəzər qaz kəməri layihəsində tranzit ölkə kimi iştirak etməyə hazırdır. Bu barədə çərşənbə günü jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
"Transxəzər qaz kəməri Azərbaycanın deyil, Türkmənistan və Avropa İttifaqının layihəsidir. Hazırda Azərbaycan müşahidəçi kimi çıxış edir. Hər iki tərəf öz aralarında danışıb, razılığa gələndən sonra biz qazın bu kəmərlə nəqli üçün öz ərazimizi verəcə biləcəyimiz şərtləri və imkanları nəzərdən keçirəcəyik”, - deyə o bildirib.
O vurğulayıb ki, Azərbaycan bu layihənin həyata keçirilməsində tərəfdaş kimi çıxış etmir.
“Bu layihədə nə Azərbaycan qazı, nə də ölkənin digər maraqları var ki, biz onda iştirak edək”, - deyə SOCAR prezidenti söyləyib.
2011-ci ilin sentyabrında Avropa İttifaqı Şurası Aİ, Azərbaycan və Türkmənistan arasında Transxəzər qaz kəmərinin tikintisi üzrə danışıqların aparılması üçün mandat verib.