Çərşənbə axşamı Bakıda R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində Özbəkistanın xalq rəssamı ,Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nurun fərdi sərgisi açılır.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə muzeydən bildirilib.
Sərgidə rəssamın yağlı boya ilə çəkilmiş 40 əsəri təqdim olunacaq.Sərgi aprelin 10-na qədər davam edəcək.
Akmal Nur dünyada tanınmış rəssamdır. Onun əsərləri orijinal plastik həlli , qeyri-ənənəvi bədii dili və hər zaman peşəkarlığı ilə fərqlənir. Rəssam yaradıcılığa 1980-ci illərin sonlarında başlayıb.Yaradıcılığının başlanğıc mərhələsində o qrizayl texnikası ilə mənzərə əsərləri yaradıb .
Onun işlərinin aparıcı mövzusu məhəbbət mövzusudur.(“Sevgi alması”,”Sevgi bağı”, “Sevgi çayı”, “Sevgi adası ”) Bu mövzunu açmaq üçün o ay, öküz buynuzu, balıq, qayıq kimi simvolik – alleqorik obrazlardan istifadə edir.Rəssamın yenidənqurma illərinin sosial ab-havasına, daxili psixoloji sarsıntılara həsr edilən əsərlər silsiləsi də məşhurdur. Onun işlərinə daha çox apokalipsis motivləri və faciə xasdır.
.Akmal Nurun əsərləri öz ölkəsinin sərhədlərindən çox uzaqlarda - Sietlda (ABŞ) Devidson qalereyasında, Dehlidə Art Xeritac və Lalit Kala Akademiyası qalereyalarında, Avropanın müxtəlif ölkələrində , ABŞ-da, Kanadada və dünyanın başqa ölkələrində özəl kolleksiyalarda yerləşir.
Akmal Nur “Özbəkistan Mədəniyyət və İncəsənət Forumu”Fondunun Qəyyumlar Şurasının üzvüdür.