Azərbaycanın turizm potensialı ilk dəfə olaraq “Floriade-2012” beynəlxalq sərgi çərçivəsində təqdim edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Belə ki, “Floriade-2012” beynəlxalq turizm sərgisi çərçivəsində 700 kvadratmetr sahədə yerləşən Azərbaycan pavilyonunu sərginin açılışında iştirak edən Niderland Kraliçası Beatris və onu müşayiət edən çoxsaylı rəsmi şəxslər ziyarət ediblər. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kraliça Beatrisi salamlayıb. Kraliça ekspozisiya zalında Azərbaycanın tarixi keçmişi, bu günü və perspektiv inkişafı ilə bağlı filmlə tanış olub.
Bu sərgidə Azərbaycandan əlavə 50 ölkənin turizm biznesinin nümayəndələri iştirak edir. “Floriade–2012” sərgisi 6 ay davam edəcək və sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Günü keçiriləcək.
Sərginin açılış mərasimində həmçinin Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov, Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov iştirak ediblər.