Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanması problemi üzrə Rusiyanın mövqeyinin dəyişilməz olduğunu bəyan edib.
“Eşitdim ki, İrəvan və Bakıya səfərlərimdən sonra bəzilərinin bu məsələyə dair (Rusiya Federasiyasının mövqeyi barədə - İF) şübhələri yaranıb. Aydın şəkildə və tam müəyyənliklə təsdiq etmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım üzrə bizim mövqemizdə heç bir dəyişiklik olmayıb”, - deyə o cümə günü Astanada jurnalistlərə bildirib.
RF-nın xarici işlər naziri xatırladıb ki, bu məsələdə Rusiyanın mövqeyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri, Rusiya, Fransa və ABŞ prezidentləri tərəfindən bəyənilən prinsipial üsullara əsaslanır.
“Həm həmsədrlərin, həm də bizim hərəkətlərimizhər iki tərəfin maraqlarına cavab verəcək həlli axtarmaq ehtiyacına əsaslanır. Bu həll üç əsas prinsipə olan eyni münasibətə əsaslanacaq”, - deyə S.Lavrov bildirib.
O izah edib ki, söhbət ərazi bütövlüyünə hörmət, xalqların öz müqəddəratını təyin etmək hüquqlarına hörmət və güc tətbiqindən imtina etməkdən gedir.
“Prinsiplərdən heç biri üstünlüklərə malik deyil. Bu iyerarxiya deyil. Həmsədrlərin nöqteyi-nəzərindən bu üç tamamilə eyni prinsipdir və yalnız məhz bu kontekstdə qarşılıqlı qəbul oluna biləcək həll tapmaq mümkündür”, - deyə RF-nin XİN başçısı vurğulayıb.