Milli Məclis cümə günü keçirilən plenar iclasda Serbiya və Monteneqro arasında “11-ci Dəhliz” magistralının Liq-Prelina hissənin tikintisi üçün Serbiyaya 300 mln. avro həcmində kreditin ayrılması haqqında sazişi ratifikasiya edib.
"300 mln. avro məbləğındə kredit dövlət zəmanəti ilə, ilk 3 ili güzəşt dövrü olmaqla 15 il müddətinə, illik 4%-lə veriləcək”. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, bu barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə kredit sazişinin şərtlərini təqdim edərkən bildirib.
Şərtlərə əsasən, kredit vəsaitləri Serbiyada E-763 avtomobil magistralının Ljiq-Boljkovçi, Boljkovçi-Takovo və Takovo-Preljina hissələrinin tikintisinə yönəldiləcək.
Xəbər verildiyi kimi, 2012-ci il fevralın 2-də Bakıda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç arasında imzalanmış sazişə əsasən, Azərbaycan avtomobil magistralının üç hissəsinin tikintisi üçün Serbiyaya 300 mln. avro kredit ayıracaq.
Layihənin baş podratçısı Azərbaycanın "AZVİRT" şirkətidir.