Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir Əli Abbasov kollegiya iclasında “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar yaradılan İşçi Qrupun fəaliyyətini gücləndirməyi tapşırıb. Bu barədə nazirliyin məlumatında bildirilir.
RİTN-də “Eurovision-2012”-nin keçiriləcəyi müddətdə TV və radio yayımı, genişzolaqlı internet və digər rabitə xidmətlərinin dayanıqlı işinin təmin olunması istiqamətində işlərin müzakirəsi ilə əlaqədar kollegiya iclası keçirilib.
Xüsusilə, “Eurovision”un keçiriləcəyi “Baku Crystal Hall” ərazisində eyni vaxtda 30 minədək insanın mobil rabitə xidmətindən, o cümlədən 3G texnoloyiyalarında geniş istifadəsi üzrə məsələlər müzakirə edilib. Bundan başqa, iclas iştirakşılarına “Baku Crystal Hall”-da müasir standartlara cavab verən simli və simsiz şəbəkələrdən istifadəsi üçün görülən tədbirlər barədə məlumat verilib.
Mahnı müsabiqəsində iştirak edən qonaqların çoxluğu nəzərə alınaraq beynəlxalq telefon stansiyalarının, internet resurslarının dayanıqlı işinin, mehmanxana, restoran və digər iaşə obyektlərinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması ilə bağlı məsələlər müzakirə olunub.
Nazir radio və televiziya verilişlərinin, müsabiqənin rəsmi veb-saytının ölkə ilə yanaşı, beynəlxalq aləmdə keyfiyyətli yayımını təmin etməyi tapşırıb.
Ə.Abbasov İşçi Qrupuna yaranan problemləri operativ həll etməyi hvalə edib.
“Eurovision” müsabiqəsi 22-26 may tarixlərində Bakıda keçiriləcək.