Pyatiqorsk süd kombinatı Azərbaycan iş adamlarına öz məhsullarını təklif edir. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
Kombinat ultra-pasterizə edilmiş süd (müxtəlif yağlılıqda), yoqurt, xama, "Krestyanskoye" şirin kərə yağı tədarük etməyi nəzərdə tutur.
Məhsulların tədarükündə maraqlı olan iş adamları kombinatın direktoru Konstantin Suxaryov ilə əlaqə saxlaya bilərlər.
Pyatiqorsk süd kombinatı Stavropol diyarında süd emalı və üzlü süd məhsullarının istehsalı üzrə ən iri müəssisələrdən biridir. Müəssisədə 40-dan çox növdə süd məhsulları istehsal edilir.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.