Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai İstintaq İdarəsi 2012-ci ilin I rübündə vergi qanunvericiliyinin pozulması faktları üzrə 114 cinayət işi qaldırıb. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2011-ci ilin I rübündə departament 106 cinayət işi qaldırıb. Beləliklə, 2012-ci ilin yanvar-mart aylarında vergi qanunvericiliyinin pozulması faktları üzrə qaldırılan cinayət işlərinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 7,5% artıb.
“Hesabat dövründə qaldırılan 114 cinayət işindən 13 nəfər barəsində 12 iş məhkəmə orqanlarının baxılmasına verilib”, - deyə məlumatda bildirilir. Ümumilikdə, 2012-ci ilin yanvar-mart aylarında 84 cinayət işi üzrə araşdırma başa çatdırılıb.
Hesabat dövrü ərzində 60 cinayət işi üzrə araşdırma vergi ödəyicisinin vergilərin tam məbləğinin ödənilməsi əsasında başa çatıb. Onlar tərəfindən dövlət büdcəsinə ödənən vəsaitin həcmi 1 mln. 744 min manat təşkil edib.
2012-ci ilin yanvar-mart ayları ərzində departament tərəfindən vergi yoxlamasının keçirilməsindən yayınan 165 vergi ödəyicisi aşkar edilib.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai İstintaq İdarəsi 2000-ci il mayın 29-da yaradılıb. 2000-ci ilin 30 avqustunda departament fəaliyyətə başlayıb. 2011-ci ildə departament vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 524 cinayət işi qaldırıb.