SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti – ARDNŞ ) 2015-ci ilə respublikada fəaliyyət göstərən neft-kimya və neft emalı müəssisələrinin inkişafı üzrə işləri başa çatdırmağı planlaşdırır. Bu barədə SOCAR şirkətinin emal üzrə vitse – prezidenti Davud Məmmədov çərşənbə axşamı Bakıda “Azərbaycanda neft-qaz emalı və neft-kimya kompleksinin inşası ilə bağlı forum”da çıxış edərkən bildirib.
“2012-ci ildə Bakı Neft Emalı Zavodunda neftin ilkin emalı üzrə qurğunun istehsal gücünün artırılması üzrə işlərə başlamaq planlaşdırılır.Bu işlər 2014-cü ilə qədər başa çatdırılmalıdır.Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır. İşlərin podratçısı müəyyənləşdirilib və biz qısa müddətdə “Foster Wheeler” şirkəti ilə müqavilə imzalayacağıq”,- deyə D.Məmmədov söyləyib.
Bundan başqa, Bakı Neft Emalı Zavodunda kataliz - krekinq qurğusunun yenidən qurulması üzrə işlərə başlamaq planlaşdırılır. Bu işlərin aparılmasında məqsəd benzinin keyfiyyət göstəricilərini yaxşılaşdırmaqdır. ”Layihə Amerikanın UOP şirkəti tərəfindən hazırlanır.İşlərə 2012-ci ildə başlanılacaq , 2014-cü ildə başa çatdırılacaq.İşlərin aparılması üzrə müqavilə də yaxın zamanlarda imzalanacaq”,- deyə o qeyd edib.
D.Məmmədov əlavə edib ki, bununla yanaşı, dizel istehsalının həcminin artırılması üzrə işlərin aparılması planlaşdırılır. Bu işlər 2012-ci ildə başlanacaq , 2013-cü ildə başa çatacaq .
Şirkətin vitse-prezidenti söyləyib ki, “Azərneftyağ” zavodunda yenidənqurma işlərinin əsas hissəsi aparılıb. Hazırda zavodda elektrik enerjisi xərclərinin azaldılması istiqamətində iş gedir .”Bu işlər yeni neft – qaz emalı və neft-kimya kompleksi istifadəyə verilənə qədər neft emalı müəssisələrinin normal fəaliyyətini təmin etmək üçün aparılır”,- deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, kompleksin ümumi sahəsi 1500 hektar təşkil edəcək və 2018-2020-ci illərdə istismara verilməsi planlaşdırılır. İlkin olaraq istehsal gücü 10 mlrd. kubmetr olan qaz emalı kompleksi istismara veriləcək. Burada Dövlət Neft Şirkətinin yataqlarından qazın, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan səmt qazının və lazım gəldikdə, “Şahdəniz” yatağından hasil olunan və SOCAR-ın payına düşən qazın emalı həyata keçiriləcək.
İkinci mərhələdə neft-kimya kompleksi, daha sonra istehsal gücü 10 mln. ton təşkil edən neft emalı zavodu istismara veriləcək. NEZ-də A-92, A-95 və A-98 markalı benzin, reaktiv mühərrik və dizel yanacağı istehsalının təşkili nəzərdə tutulur.
Bu layihənin icrasına xarici investorların cəlb edilməsi planlaşdırılır. Layihəyə qoyulan sərmayələrin özünü ödəmə müddəti 6-7 il təşkil edəcək. Layihə xərcləri $13-15 mlrd. civarında qiymətləndirilir.
Layihənin texniki-iqtisadi əsaslandırması Technip, Foster Wheeler AG, UOP şirkətlərinin iştirakı ilə hazırlanıb.