“Bank ABB-Moskva” MMCRusiya Banklar Assosiasiyanın (RBA) XXIII qurultayında təmsil olunub və “Rusiya bank sisteminin inkişafına töhfəsinə görə” fərdi diplomla təltif edilib. Bu barədə Azərbaycan Beynəlxalq Bankdan (ABB) məlumat verilib.
900-dən artıq nümayəndənin iştirak etdiyi RBA-nın XXIII qurultayı “İttifaqlar evi”nin Sütunlu zalında keçirilib.
Qurultayın əsas mövzusu – “Qlobal maliyyə burulğanı şəraitində Rusiyanın iqtisadi inkişafının təminatında bankların rolunun artması”. Əsas məruzənin mövzusu – “Rusiyanın iqtisadi inkişafının təminatında bankların rolunun artması”.
Rusiya Mərkəzi Bankının sədri Sergey İqnatyev qurultay çərçivəsindəki çıxışında qeyd edib ki, bank təkrar maliyyələşdirmə mexanizmini inkişaf etdirəcək, xüsusilə kredit təşkilatlarından girov şəklində alınan aktivlərin siyahısını genişləndirəcək.
“Bank ABB-Moskva” MMC-nin idarə heyətinin sədri Fuad Abdullayev iqtisadi artımın sürətləndirilməsinin amili kimi bank sistemlərinin effektiv əməkdaşlığına həsr olunan məruzə ilə çıxış edib.
“Bank ABB-Moskva” MMC əmək nailiyyətlərinə görə RBA adından “Rusiya bank sisteminin inkişafına töhfəsinə görə və təsis edilməsinin 10 illiyi ilə əlaqədar” fəxri diplomla təltif edilib.
Bundan başqa, F.Abdullayev “Bank ictimaiyyəti qarşısında xidmətə görə” fərdi medalla təltif edilib.
“Bank ABB-Moskva” 2002-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 100%-lik törəmə strukturu kimi yaradılıb. Hazırda bank şəbəkəsinin Moskva, Sankt-Peterburq və Yekaterinburqda 14 satış ofisi var.