Azərbaycanlı sahibkarlar və gənc menecerlər Almaniyada ixtisasartırma kurslarında iştirak edəcəklər. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, ixtisasartırma kursları "Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı" çərçivəsində təşkil olunacaq.
Kurslarda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 45 sahibkar və gənc menecer iştirak edəcək. Onlardan 25 nəfəri iyunun 10-dan iyulun 6-dək, 6 nəfəri isə oktyabr-noyabr aylarında Almaniyada ixtisasartırma kursu keçəcək.
Bundan başqa, aqrar, mənzil-kommunal, səhiyyə, sənayedə enerji səmərəliliyi sahələrini təmsil edən 10 mütəxəssis oktyabr-noyabr aylarında beynəlxalq qrupun tərkibində, daha 4 mütəxəssis isə 2013-ci ilin əvvəllərində Almaniyada 3 aylıq ixtisasartırma kursunda iştirak edəcək.